UEFA açıqladı: Azərbaycan və Ermənistan bir qrupa düşməyəcəklər

Futbol 11.10.2017 17:02
UEFA açıqladı: Azərbaycan və Ermənistan bir qrupa düşməyəcəklər
2144 Dəfə oxunub
UEFA Millətlər Liqasının püşkatma mərasimində Azərbaycan və Ermənistan yığmaları eyni qrupa düşməyəcəklər.

Avropa futbol qurumu bu iki ölkə ilə yanaşı, Rusiya və Ukraynanın da B Divizionunda fərqli qruplara salınması barədə qərar qəbul edib. Səbəb kimi ölkələrarası münasibətlərin olmaması göstərilib.

Millətlər Liqasında UEFA-ya üzr olan 55 yığma 4 diviziona bölünüb. Hər bir divizionda 4 qrup olacaq.

Püşkatma mərasimi 2018-ci il yanvarın 24-də İsveçrənin Lozanna şəhərində keçiriləcək.

UEFA-nın milli komandalar üçün açıqladığı son reytinq siyahısında Azərbaycan 40-cı yerdə qərarlaşdığından, D Divizionuna düşüb. Burada ümumilikdə 16 komanda yer alacaq. A və B Divizionunda hərəyə 12, C Divizionunda 15 yığma olacaq.

A Divizionu: Almaniya, Portuqaliya, İspaniya, Belçika, İngiltərə, Fransa, İsveçrə, İtaliya, Polşa, İslandiya, Xorvatiya, Hollandiya

B Divizionu: Avstriya, Uels, Rusiya, Slovakiya, Ukrayna, İrlandiya, İsveç, Şimali İrlandiya, Danimarka, Bosniya və Herseqovina, Çexiya, Türkiyə

C Divizionu: Rumıniya, Şotlandiya, Sloveniya, Macarıstan, Serbiya, Albaniya, Norveç, Yunanıstan, Monteneqro, İsrail, Bolqarıstan, Finlandiya, Kipr, Estoniya, Litva

D Divizionu: Azərbaycan, Makedoniya, Gürcüstan, Belarus, Ermənistan, Farer adaları, Latviya, Lüksemburq, Qazaxıstan, Moldova, Lixtenşteyn, Malta, Kosovo, Andorra, San Marino, Cəbəllütariq.

Bu divizionlardakı ölkələr öz növbəsində 3 və ya 4 yığmadan ibarət qruplara bölünəcəklər. Qrup mərhələsinin oyunları 2018-ci ilin sentyabr - noyabr aylarında olacaq. Qrup qalibləri 2020-ci ilin martında yarımfinal və final oynayaraq, divizionun ən güclüsünü müəyyənləşdirəcəklər. Beləliklə, hər diviziondan bir komanda 2020-ci il Avropa çempionatına vəsiqə qazanacaq.

Daha 20 vəsiqənin sahibi isə 2019-cu ilin martında startı veriləcək Avropa çempionatının seçmə mərhələsindən sonra məlum olacaq. Burada 55 ölkə 5 və ya 6 komandadan ibarət 10 qrupa bölünəcək. Hər bir qrupdan 2 ən güclü komanda final mərhələsinə birbaşa vəsiqə əldə edəcək.